Bu qış qripdən 60 min nəfər öləcək - İngiltərədə xəbərdarlıq

18:00 09.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq iki ildir davam edən koronavirus pandemiyası dünyanın hər yerində insanlarda immum sistemini kifayət qədər zəiflədib. Bu səbəbdən də qış aylarında immum sistemi zəif olan 60 min insanın həlak olacağı proqnozlaşdırılır.

Hafta.az-ın yazdığına görə, bu barədə İngiltərə Tibb Elmləri Akademiyasının xəbərdarlığında deyilir. Qeyd olunur ki, Krallıqda bu qış qrip olacaq hər kəs vaxt itirmədən həkimə getməli və ya ən azından qabaqlayıcı tədbirlər görməlidir.

Xəbərdarlıqda qeyd olunur ki, ötən il əhalinin açıq havada sərbəst hərəkəti məhdudlaşdırıldığı üçün günəş işığını daha az qəbul edən insanlar, təmiz havada hərəkətin orqanizmə verdiyi digər faydalardan da uzaq düşüblər. Ona görə də zərərverici viruslara qarşı bədənin müqaviməti xeyli aşağı düşüb.

"İngiltərədə hər il ortalama 11 min nəfər adi qripdən dünyasını dəyişir. Bu il isə həmin rəqəmin 60 minədək yüksəlməsi ehtimalı var. Düzdür, koronavirusa qarşı aşılama prosesi tam sürətilə gedir, amma bu, əhalini qripdən sığortalamır", - açıqlamada deyilir. 

İngiltərə İctimai Səhiyyə Təşkilatının direktor müavini, professor Conatan Van-Tam da deyib ki, qrip açıq havada pusquda dayanan çox hiyləgər virusdur. Ötən il insanlar qadağalar sayəsində açıq havaya çox çıxmadıqları üçün virusdan özlərini qoruya biliblər. Bu il isə əksinə, hamı açıq havadadır və xüsusən də orqanizmləri daha zəif şəkildə. Professor Van-Tam xalqa üz tutaraq deyib ki, nə qədər qış gəlməyib, təbii şəkildə oqranizmlərinin immunitetini yüksəltməyə çalışsınlar. Yəni meyvə-tərəvəzi, zülallı-karbohidratlı yeməkləri daha çox yesinlər.